Apa.az

Azərbaycan şirkəti Rumıniyada avtomobil yolunun inşasında iştirak edəcək

19 noyabr 2011

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın «AzVirt» şirkəti Rumıniyanın «Delta ACM 93» və «Maxidesign» şirkətləri ilə birgə Buxarest dairəvi yolunun modernləşdirilməsi ilə bağlı elan edilmiş tenderin qalibi olub. Bu barədə APA-ya «AzVirt» MMC-dən məlumat verilib.

Avropa İttifaqı fondları vasitəsilə maliyyələşdiriləcək layihənin dəyəri təxminən 31 mln. avrodur. Tender zamanı aparılan qiymətləndirilmədə sözügedən şirkətlər qrupu digər rəqibləri ilə müqayisədə 100 bal şkalası üzrə 100 bal toplayıb.

«Bu hadisə Azərbaycanın milli özəl şirkətlərinin texniki imkanlarının genişlənməsi, ölkədə istifadə olunan qabaqcıl texnologiyanın Avropa və dünya standartlarına uyğunluğunun və bu kimi şirkətlərin beynəlxalq bazarlarda rəqabət qabiliyyətli fəaliyyətinin bariz nümunəsidir. Bu uğur, Azərbaycana məxsus iri özəl şirkətlərin xarici bazarlara sərmayə yatırmasına təkan verməklə ölkənin iqtisadi potensialının dünya miqyasında tanınmasına şərait yaratmaqdadır», - deyə şirkətdən bildirilib.