Elektron Mətbuat

Azərbaycan parlamenti Serbiya ilə imzalanmış kredit sazişinin ratifikasiyasına hazırlaşır - 16.03.2012

Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Azərbaycan Milli Məclisi iqtisadi siyasət komitəsinin iclasında Serbiyada avtomobil magistralının tikintisi üçün Azərbaycan və Serbiya arasında imzalanmış kredit sazişinin təsdiq edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub.

APA-Economics»in məlumatına görə, iclasda kredit sazişi haqqında məlumat verən İqtisadi İnkişaf Nazirliyi beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Sahil Babayev bildirib ki, Azərbaycan tərəfinin ayırdığı bu kredit Serbiyada magistral yolun tikintisi üçün sərf olunacaq: «Kreditin məbləği 300 mln. avro təşkil edir ki, kredit illik 4%, ilk 3 ili güzəştli olmaqla 15 il müddətinə ayrılır veriləcək. Kredit dövlət zəmanəti ilə ayrılır və bu məqsədlə Serbiya hökumətinin aktivləri girov götürülüb».

S.Babayev onu da bildirib ki, kreditin verilməsi ilə bağlı aparılan araşdırmalar zamanı Serbiyanın iqtisadi vəziyyəti və kredit portfeli araşdırılıb və bu şərtlər Azərbaycanın maraqlarına tam cavab verir: «Belə ki, bu kredit Serbiyaya 4%-lə verilir ki, bu, Serbiyanın başqa dövlətlərdən və beynəlxalq maliyyə təşkilatlarından aldığı faizdən, eləcə də Azərbaycanın başqa ölkələrdən götürdüyü kreditlərin faizindən yüksəkdir».

Nazirlik rəsmisi həmçinin əlavə edib ki, kredit sazişində Ermənistanla bağlı da ciddi tələblər əksini tapıb. Belə ki, saziş Serbiyanın Ermənistanla hər hansı əməkdaşlığını istisna edir. Bununla bağlı Serbiya qarşısında sərt tələblər qoyulub».

S.Babayev onu da əlavə edib ki, Serbiyanın iqtisadi vəziyyəti Avropanın əksər ölkələrindən yaxşıdır. Belə ki, Serbiyanın xarici dövlət borcu ÜDM-in 40%-i həcmindədir, bu da Avropanın digər ölkələrindən yaxşı göstəricidir.

«İki ölkə arasında kredit sazişi imzalanarkən, ölkələr arasında yüksək səviyyəli siyasi və iqtisadi əməkdaşlıq da nəzərə alınıb. Belə ki, Serbiya Azərbaycanı bütün beynəlxalq təşkilatlarda dəstəkləyir. Dağlıq Qarabağ məsələsi ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib və bu bəyanatlarda Serbiya Azərbaycanın mövqeyini tam dəstəkləyib. Bundan başqa, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən Serbiya Azərbaycanı dəstəkləyib və özündən başqa 10 dövlətin bu məsələdə Azərbaycanın dəstəklənməsinə nail olub».

S.Babayevin sözlərinə görə, artıq Serbiyanın Avropa Birliyində üzvlüyünə namizədliyi qeydə alınıb. Azərbaycan isə öz növbəsində öz məhsullarını Avropa bazarına çıxarılması üçün Serbiyadan istifadə edə bilər.

Nazirliyin şöbə müdiri onu da diqqətə çatdırıb ki, Serbiyada avtomobil magistralının tikintisini Azərbaycanın «AzVirt» şirkəti (əsas podratçı) həyata keçirəcək: «Bu şirkət Serbiya tərəfindən seçilib. Hazırda «AzVirt» şirkəti Rumıniyada da analoji layihə həyata keçirir».