Elektron Mətbuat

Serbiyada yol tikintisi üzrə layihənin baş podratçısı Azərbaycanın AZVİRT şirkətidir - 03.02.2012

Azərbaycan Serbiyada yol tikintisi üçün kredit ayırıb.

Fevralın 2-də Serbiyanın Xarici İşlər naziri Vuk Yeremiçin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyində keçirilmiş görüşdə iqtisadi əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilmişdir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə kənd təsərrüfatı, sənaye, əczaçılıq və s. sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsində tərəflərin maraqlı olduqları diqqətə çatdırılmışdır.

Sonra Serbiya Respublikasına avtomagistral tikintisi üçün kredit ayrılması barədə Saziş imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən İqtisadi İnkişaf naziri Şahin Mustafayev, Serbiya tərəfdən isə bu ölkənin Xarici İşlər naziri Vuk Yeremiç imzalamışlar.

Qarşılıqlı sərfəli şərtlərlə və dövlət zəmanəti ilə verilən 300 mln. avro məbləğındə kredit ilk 3 ili güzəşt dövrü olmaqla 15 il müddətinə, illik 4 faizlə veriləcəkdir. Kredit Serbiya və Monteneqro arasında "11-ci Dəhliz" magistralının Liq-Prelina hissənin tikintisinə yönəldiləcək. Layihənin baş podratçısı Azərbaycanın "AZVİRT" şirkətidir.