Poçitel körpüsünün son dayağı tikilir: Bu, 5C dəhlizində ən yüksək keçid olacaq

14 November 2021

Poçitel körpüsü Balkanlarda hər gün irəliləyişlərlə yadda qalan böyük tikinti layihəsidir. Bu mülki obyekt tikildikcə, Mostar-Çaplyina marşrutu üzrə hərəkət edən sərnişinlər üçün getdikcə daha çox gözə görünür. Körpünün 5 sütunu tikilib, daha biri isə Neretva çayının digər sahilində ucalmaqdadır. Layihənin mürəkkəbliyinə görə vaxtı ilə dinamikanı ləngidən bir çox səbəblər var idi, lakin podratçılar da təsdiqləyir ki, hazırda işlər planlaşdırıldığı kimi davam edir.

Bu, böyük zəhmət tələb edən layihədir. Çünki Poçitel mühəndislik baxımından klassik körpülərdən fərqlənir. Hazırda işin gedişatında hər hansı gecikmə yoxdur. Layihə rəhbəri Mario Yurişiç bildirir ki, son vaxtlar materialların, avadanlıqların çatdırılmasında ləngimələr olub, lakin hər şeyi mümkün qədər tez yoluna qoymağa çalışıblar. O, əmindir ki, istənilən çətinliyə baxmayaraq proses uğurla davam etdirilir. M. Yurişiçin sözlərinə görə Poçitel bölgədə ən böyük körpülərdən biri olacaq və 5C dəhlizinin mühüm elementidir. “Körpünün ümumi uzunluğu bir kilometrə yaxın olacaq, aşırımları isə təqribən 150 metr. Dayaqların hündürlüyü 100 metrə yaxındır, ən yüksəyi 97 metr, bir neçəsi 92 metr, ən balacası 66 metr. Körpünün eni 22 metr olacaq və en kəsiklərinin xüsusiyyətlərinə görə bu tip qurğularda az rast gəlinən eninə əvvəlcədən öngərilməli konstruksiya hazırlanıb”.

IRD və PPG adından tikintiyə nəzarət edən Abdurahman Halebiç qeyd edir ki, dayaqların təməlinin qoyulmasına xeyli vaxt sərf olunub. “Körpü 25-30 metr dərinlikdə svaylar üzərində qurulub. Əvvəlcə təməldən başladıq. Bu, sərbəst konsol metodu ilə tikiləcək konstruksiyasıdır, burada dayaqlar əvvəlcə tikilir, sonra isə həmin dayaqlardan sərbəst konsol metodu ilə öngərilməli arakəsmə konstruksiyalar tikilir, bundan sonra seqmentlərin son birləşməsi yerinə yetirilir. Bu üsul tikinti prosesində böyük aşırımlara malik körpülər üçün tətbiq olunur”.

Qeyd edək ki, Bosniya və Herseqovina Respublikasında Poçitel körpüsünün tikintisi “AzVirt” MMC-nin də iştirakı ilə konsorsium partnyorlar – Çin şirkətləri “Powerchina Roadbridge Group Co.,Ltd” və “Sinohydro Corporation Limited” ilə birlikdə həyata keçirilir. İnşaat prosesinə 2019-cu ildə başlanılıb və 2022-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulub.