Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar

21 oktyabr 2021

“AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev dövlətimizin başçısına və birinci xanıma hava limanında görülən işlər barədə məlumat verib. Bildirilib ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə bu ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq.

Qeyd edək ki, rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq. Tikinti işlərinin 2022-ci ildə tamamlanması planlaşdırılır.