“AzVirt” MMC “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirak edir

21 oktyabr 2021

Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisinə dövlət qurumları, elecə də, çox sayda yerli və xarici şirkətlər qatılıb. Sərgi iştirakçıları işğaldan azad olunan ərazilərdə həyata keçirməyi planlaşdırdıqları və ya artıq həyata keçirdikləri layihələri təqdim edir və müxtəlif görüşlər keçirirlər.

Azərbaycada yol və hava limanları infrastrukturu tikintisi sahəsində tanınmış şirkət olan “AzVirt” MMC də qeyd edilən sərgidə iştirak edir. Şirkət icra etdiyi layihələr barədə sərgi iştirakçılarına geniş məlumat verir və onları maraqlandıran sualları cavablandırır. “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev də bir sıra şirkətlərlə işgüzar görüşlər keçirib, müzakirələr aparıb.

Qeyd edək ki, “AzVirt” MMC Qarabağda Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava Limanlarında uçuş-enmə zolağı, perron və yönəldici yolların tikintisini icra edir. Füzuli Beynəlxalq Hava Limanında işlər tam başa çatdırılıb və bu proses sürətlə - cəmi 8 aya tamamlanıb. Bundan başqa, Şirkət Qarabağda bir sıra yol layihələrinin inşaatında da iştirak edir.