Baş direktor K.Əliyev: “Bizim üçün böyük şərəfdir ki, bu gün ilk sınaq reysini qəbul etmişik”

05 sentyabr 2021

Senyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus "QARABAĞ" adını daşıyan ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib. Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı, ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikincil radiolakasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcəkdir. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.

Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün dayanacaq inşa edilib. Həmçinin, Füzuli Beynəlxalq Hava Limanını “Zəfər Yolu” və Şuşa şəhərinə aparan magistral yol ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir.

Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının, perronun və yönəldici yolların tikintisini “AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyət həyata keçirib. Mətbuat nümayəndələrinə müsahibəsində şirkətin baş direktoru Kamil Əliyev bildirib ki, inşaat işlərinə 2021-ci ilin yanvar ayında başlanılıb. “Ümumi işlərin 95 faizi tamamlanıb. İndi yekun işlər gedir. Tikinti zamanı ərazidə minalardan təmizlənmə işləri aparılırdı. Eyni zamanda, tikintinin aparılması üçün heç bir infrastruktur yox idi. Biz infrastrukturu da yaratmışıq. Bizim üçün böyük şərəfdir ki, bu gün ilk sınaq reysini qəbul etmişik. Növbəti hədəflər isə Zəngilan və Laçın hava limanlarıdır”.