Avropa Birliyi ölkələri arasında keçirilən yol layihəsi tenderində qalib elan olunan ilk Azərbaycan şirkəti
"AzVirt" şirkəti Rumıniyanın "Delta ACM 93" və "Maxidesign" şirkətləri ilə birgə Buxarest dairəvi yolunun modernləşdirilməsi ilə bağlı elan edilmiş tenderin qalibi oldu.
Tender zamanı aparılan qiymətləndirilmədə "AzVirt" 100 bal şkalası üzrə 100 bal toplamışdı. Bu qələbə "AzVirt" şirkətinin geniş texniki imkanlara malik olmasının, istifadə etdiyi mütərəqqi texnologiyaların dünya standartlarına uyğunluğunun və beynəlxalq bazarda rəqabət qabiliyyətinin yüksək olmasının göstəricisidir.
Bu qələbə AzVirt şirkətinin nüfuzunu beynəlxalq miqyasda artıraraq, digər möhtəşəm layihəyə də yol açdı. Belə ki, tenderdə qalib gələrək “Azvirt” Serbiyada Sava körpüsünün inşasına da başladı.
2022-ci ildə tamamlanması nəzərdə tutulan bu körpü Sava çayının üzərindən keçərək Ruma-Sabaç-Loznisa avtomagistralının bir hissəsi olacaq.
Bununla əlaqədar keçirilən imzalanma mərasimində Serbiyanın Prezidenti Aleksandr Vuçiç də bilavasitə iştirak etmişdi. Serbiyada görüləcək işlər barədə fikirlərini bölüşən “Azvirt” MMC-nin baş direktoru K.Əliyev Serbiyanın Prezidenti A.Vuçiçə Azərbaycan şirkətinə böyük etimad göstərdiyinə görə minnətdarlığını bildirmişdi.
A.Vuçiç bu layihənin həyata keçirilməsi üçün şirkət baxımından uğurlu seçim etdiklərini vurğulayaraq qeyd etmişdi: “Onlar bu işin öhdəsindən layiqincə gələcəklər. Çünki nəyə qadir olduqlarını Liq-Prelina magistralının tikintisində bir neçə il əvvəl nümayiş etdiriblər. Sizin Serbiyada etdiklərinizdən məmnun qalmışıq və inanırıq ki, gələcəkdə də belə olacaq. Əminik ki, hər şey vaxtında və yüksək keyfiyyətlə icra olunacaq”.
Xatırladaq ki, “AzVirt” şirkəti ilə Serbiya hökümətinin çoxillik əməkdaşlıq tarixi var.
2015-ci ilin aprel ayının 15-də o vaxt Serbiyanın Baş naziri olan Aleksandr Vuçiç nümayəndə heyəti ilə birgə şəxsən “AzVirt” şirkətini ziyarət etmişdir. Həmin görüş zamanı cənab Vuçiç MMC-nin direktoru Kamil Əliyevlə Belqrad-Juzni Jardan magistral yolunun tikintisi ilə bağlı bəzi məsələləri müzakirə etmiş, MMC-nin fəaliyyətinə yüksək qiymət vermişdi.